GOOGLE FƏLSƏFƏSI: ELMI ARAŞDIRMADAN DÜNYA LIDERLIYINƏ DOĞRU

AzMarketing.az

Rəhman ƏHMƏDOV

Qafqaz Universiteti

Bakı / AZƏRBAYCAN

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

1996-cı ilin mart ayında Stanford Universitetinin doktorantura bölməsinin tələbələri olan Leri Peyc (Larry Page) və

 Serqey Brinin (Sergey Brin) Stanford Elektron Kitabxana layihəsi çərçivəsində BackRub adlı axtarış sisteminin tərtibi istiqamətindəki əməkdaşlığı Google erasının başlanğıcına səbəb oldu.

Yazdıqları PageRank™ alqoritmi ilə BackRub axtarış sistemini təkmilləşdirən bu iki gənc elmi araşdırmadan dünya liderliyinə doğru ilk addımlarını atmaqda idilər. Mükafatlar və maliyyə dəstəyi ilə axtarış sistemi elmi işin hüdudlarını aşaraq biznes alətinə çevrilməkdə idi. Şübhəsiz illər sonra dünyanın liderlərlərindən biri olacaq bu sistem üçün korporativ bir adın seçilməsi də qaçılmaz idi. İxtisasca riyaziyyatçı olan gənclər, Leri və Serqey elə ad üçün də riyaziyyata müraciət etdilər. Onlar 1 və yanında 100 sıfırı ifadə edən “googol” termininə cüzi dəyişikliklər edərək Google brendinin əsasını qoydular. Məqsədləri aydın idi. Belə ki, onlar internet istifadəçilərinin hədsiz sayda informasiyaya çıxışını təmin etməyə qərar vermişdilər.

Qarajda fəaliyyətə başlayan Google şirkətinə ilk investisiya qoyuluşu 100000 (yüz min) dollar olmaqla 1998 –ci ilin avqustunda baş vermiş və həmin tarixdən şirkət “Google İnc” olaraq biznes dünyasına daxil olmuşdur.1

Tərtib etdikləri axtarış sistemi qısa müddət ərzində mövcud internet səhifələrini indeksləşdirərək geniş informasiya bazasına malik olmaqda idi. 1998-cı ildə indeksləşdirilən internet səhifələrinin sayı təxminən 60 milyon olmaqla Google axtarış sisteminin nəticələri bu sahənin liderlərindən olan Excite.com və Hotbot axtarış sistemlərinin nəticələrindən daha yaxşı idi ki, bu gün etibarı ilə artıq Google, axtarış sistemi sahəsində lider mövqesindədir və demək olar ki, onun alternativi yoxdur. Vaxtı ilə populyarlığı ilə seçilən Yahoo, Altavista kimi axtarış sistemləri artıq Google servisinin kölgəsində qalmışdır desək hər halda yanılmarıq.

Google şirkətinin inkişaf fəlsəfəsinə daxil olan 10 prinsipi izah etməzdən əvvəl Google şirkətinin dinamik inkişafını əks etdirən bəzi faktları qeyd etmək istərdim.

2 nəfərin bir ideyası olan Google bu gün dünya bazarında Google İnc kimi 20000 (iyirmi min) işçi ilə təmsil olunmaqdadır.

2002-ci ildə Amerikan Dialekt Cəmiyyətinin üzvləri “google” sözünü ilin ən faydalı sözü seçmişdilər.

- Interbrand şirkəti tərəfindən keçirilən illik Best Brand Global siyahısına (dünya üzrə ən populyar brendlər) Google 2005-ci ildən 38-ci sırada daxil olur. 2006-cı ildə bu siyahıda 24-cü, 2007-ci ildə 20-ci, 2008-ci ildə 10-cu, 2009-cu ilin son nəticələrinə əsasən hələlik 7-ci yerdə qərarlaşmışdır.2

- 2006-cı ilin iyununda Google sözü fel kimi Oksford İngiliscə lüğətinin tərkibinə daxil olur.3

- 2006-cı ilin okyabrında Google YouTube servisini satın alır. Ödənilən məbləğ isə fantastikdir: 1 milyard 650 milyon

- 2008-ci ilin iyulunda Google axtarış sisteminin internet səhifələri üzrə indeksasiya potensialı 1 trilyona çatır.4

- 2009-cu ildə mobil reklam bazarında ən böyük şirkət olan AdMob-u Google 750 milyon dollara ələ keçirir.5

İnformasiya texnologiyaları bazarının nəhənglərindən birinə çevrilən Google şirkətinin dinamik inkişafında mükəmməl axtarış sistemi ilə yanaşı effektiv şəkildə tətbiq olunan AdWords və AdSense xidmətlərinin də rolu böyükdür. Əvəzolunmaz axtarış sisteminə istinad edən AdWords və AdSense xidmətləri vasitəsi ilə Google internet reklam bazarında liderliyi ələ keçirir və büdcəsini ilbəil artırır. Bununla yanaşı axtarış sistemi çərçivəsində qalmayaraq Google öz istifadəçilərinə bir sıra faydalı, rahat, istər biznes istərsə də şəxsi fəaliyyətlərini asanlaşdıran və onlara əlavə dəyər qazandıran xidmətlər təklif etməkdədir ki, onlardan bəziləri növbəti abzasda qeyd edilmişdir.

Google Mail – yükəsk funksionallığa, rahat interfeysə malik və hər saniyə artan yaddaşı ilə seçilən elektron poçt xidməti. gmail.com

Google Analytics – internet səhifələrinin hesabatını (ziyarətçi sayı, ziyarətçilərin ölkələr üzrə təsnifləşdirilməsi, trafik mənbələri, əlavə biznes imkanlar və s.) təmin edir. analytics.google.com

Google Translate – istifadəçilərə 51 dil üzrə mətnlərin qarşılıqlı tərcüməsinə imkan verir.translate.google.com

Google Maps – sputnik məlumatlarına əsaslanan bu sistemlə dünyanı ovuclarınızın içinə ala bilərsiniz.maps.google.com

Google Chrome – bu internet brauzerin əsas özəlliklərindən biri google servislərinin daha sürətli açılmasını təmin etməsidir. google.com/chrome

Google Docs – istifadəçilərə sənədlərini şəxsi hesablarında yerləşdirmək, tənzimləmək, təsnifləşdirmək və paylaşmaq kimi imkanlar təklif etməkdədir. docs.google.com

Google Web – veb masterlər üçün nəzərdə tutulmuşdur və bu servis onlara veb səhifələrinin təkmilləşdirilməsi üçün müxtəlif xidmətlər və alətlərlə zənginləşdirilmişdir. google.com/webmasters

 Google şirkətinin 2002-2008-cu illər üzrə illik gəlirlərini (dollar) əks etdirən növbəti qrafik isə bizlərə əyani şəkildə Google şirkətinin inkişaf tempini və həcmini göstərməkdədir.

2008-ci il üçün əldə olunan 26 milyard dollarlıq inkişafın arxasında Google şirkətinin fəlsəfəsində vurğulanan 10 prinsip durmaqdadır ki, növbəti abzaslarda bu prinsiplər haqqında daha ətraflı məlumat veriləcəkdir.

Leri Peyc öz çıxışlarından birində səsləndirdiyi üç cümlə sanki Google fəlsəfəsinə giriş xarakteri daşıyırdı -Mükəmməl axtarış sistemi istifadəçinin nəyi nəzərdə tutduğunu dəqiqliklə bilməli və onun istədiyi nəticəni tapmalıdır. Google axtarış sistemi ilə ilk işinizdə daxil etdiyiniz axtarış sorğusuna uyğun dərhal tapılan doğru nəticə sizi müsbət mənada təəccübləndirəcəkdir. Google axtarış sisteminin uğuru digər axtarış sistemləri ilə müqayisədə daha tez və dəqiq nəticələrin əldə olunmasına əsaslanır.7

 1. İstifadəçiyə yönəlmək

Rahat interfeys, sadə və unikal dizayn, qısa müddətdə yüklənən səhifələr, funksionallıq, kontentin asan ədlə olunması kimi keyfiyyətlər Google servislərini xarakterizə edən başlıca amillərdəndir ki, bu da Google şirkətinin qarşıya qoyduğu məqsədləri içində istifadəçi faktorunun əsas olduğundan xəbər verməkdədir.

2. Bir işi həqiqətən çox yaxşı görmək 

Onlar internet bazarına daxil olduqlarında uzun müddətdir ki, bu bazara liderlik edən qiqant servislərlə üz-üzə olduqlarından və artıq bu məkanda Yahoo, Alta Vista kimi populyar axtarış sistemlərinin mövcudluğundan xəbərdar idilər. Lakin bir işin varlığı o işin daha keyfiyyətli və daha mükəmməl variantının hazırlanmasına əngəl ola bilməzdi. Google ilk öncə axtarış sistemi və daha sonralar Googe Analytics, Google Mail, Google Map kimi servisləri ilə müvafiq sahələrdə liderliyi ələ keçirməklə inkişafın sərhəddinin olmadığını əyani sübut etdi.

3. Sürətli olmaq

Google şirkətinin diqqətlə yanaşdığı bir digər məsələ də vaxtdır. Qloballaşan və İKT-nin dinamik inkişafı ilə sürətlə dəyişməkdə olan insan cəmiyyətinin qarşısında duran əsas amillərdən biri vaxta maksimum qənaət etməkdir. Google servislərinə aid internet səhifələrinin daha sürətli açılması, eyni zamanda bir sıra xidmətlərin daha sürətli göstərilməsi bu yanaşmanı təsdiqləməkdədir. Misal olaraq elektron poçt xidməti olan Google Mail servisi açılan zaman əgər istifadəçi zəif sürətli internetlə şəbəkəyə qoşulubsa istifadəçi üçün Google Mail səhifəsinin HTML variantı təklif olunur ki, bu da xidmətin açılmasını əhəmiyyətli şəkildə sürətləndirməkdədir.

4. Veb işlərində demokratiya

Google patentli PageRank™ alqoritmi və müxtəlif texniki metodlar vasitəsi ilə indeksləşdirilən hər yeni internet səhifəsini dədqiqliklə analiz etməklə axtarış nəticlərinin keyfiyyətliyini təmin edir. İnternet səhifələrinin həcmi artdıqca Google axtarış sistemini daha da təkmilləşdirir ki, Google üçün hər yeni səhifə yeni bir informasiya mənbəyidir və bu mənbə diqqətlə tədqiq edilərək effektiv şəkildə istifadəçiyə təqdim edilməlidir. Bununla yanaşı Google şirkətinin ictimaiyyətə təklif etdiyi xidmətlərin əksəriyyəti istifadəyə tam açıqdır. Google Search, Google Mail, Google Analytics, Google Chrome kimi servislər hətta 2010-cu ildə bazara çıxarılması planlaşdırılan Chorme OS əməliyyat sistemi belə “open source” (istifadəyə açıq) kimi istifadəçilərə tədqdim ediləcəkdir.

5. Nəticə üçün monitorun qarşısına keçməyə ehtiyac yoxdur

Harda olmasından asılı olmayaraq bu günün insanı istənilən vaxt informasiyaya çıxış əldə etmək istəyir. Bunu nəzərə alaraq Google Mobil bazara sürətlə inteqrasiya etməkdədir. Android platformasına əsaslanaraq Google veb üzəridnən təklif etdiyi xidmətləri mobil məkana transfer etməkdədir. Şirkətin AdMob-u alması isə bu sektorda da Google rüzgarlarının əsəcəyindən xəbər verməkdədir.

6. Qazancı dürüst yolla da əldə etmək olar

Nəticə etibarı ilə Google bir biznesdir. Gəlirlərinin əksəriyyətini şirkətlərə təklif etdiyi axtarış texnologiyaları və AdWords (reklam verənlər üçün nəzərdə tutulmuşdur) və AdSense (müəyyən reklamaları öz saytlarında yerləşdirmək istəyən sayt sahibləri üçün nəzərdə tutulmuşdur) kimi veb reklam alətlərinin istifadəsindən əldə edən Google reklam proqramları üçün növbəti yanaşmaları rəhbər hesab etməkdədir:

- Yüz minlərlə AdWords istifadəçiləri tərəfindən təqdim olunan reklamlar uyğun axtarışlar zamanı istifadəçilərə görsənməkdədir. Məsələn Google axtarış sistemində hər hansı bir kitab üzrə axtarış edən istifadəçinin nəticələrində görsənən AdWords reklamları bu açar sözə uyğun olmalıdır, yəni kitabla əlaqədar reklamlar istifadəçinin nəzərinə çatdırılmaqdadır.

- Google rəsmiləri qeyd edir ki, reklamlar fleşsiz (animativ görüntülərsiz) də effektiv ola bilər. Odur ki, onlar istifadəçilərə kontentin (mətnlərin) oxunması zamanı mane olan pop-up, animasiya və s. bu tipli reklamlardan istifadə etmirlər. Onlar iddia edirlər ki, text ad (mətn xarakterli reklamlar) tipli reklamlar daha effektlidirlər.

- Google pəncərələrində reklamlar hər zaman “Sponsor linkləri” adı altında qələmə verilir və istifadəçinin axtarış nəticələrinə nüfuz etmir. Google axtarış nəticələrində partnyorlarına aid nəticləri qərəzli şəkildə yüksək qiymətləndirərək ilkin nəticələr sırasına daxil etmir. Bununla Google istifadəçiləri arasında obyektiv və etibarlı imic formalaşdırmaqdadır.

7. Hər zaman işlənilməmiş informasiya vardır

Google indeksləşdirdiyi HTML səhifələrinə görə rəqiblərini üstələdikdən sonra istiqamətini asan əldə olunmayan informasiya mənbələrinə yönəltdi. Axtarış sisteminə telefon nömrələri və adreslər, biznes kataloqlar kimi verilənlər bazasının əlavə edilməsi sadəcə əlavə iş xarakteri daşıyırdı. Lakin xəbər arxivləri, akademik jurnallar, milyardlarla şəkillər və milyonlarla kitablar üzərindən axtarış sisteminin təmin edilməsi daha yaradıcı təsir bağışlayırdı. Bu gün Google araşdırma mütəxəssisləri dünyada mövcud olan bütün informasiyaların rahat və tez bir zamanda istifadəçilərə çatdırılması məsələləri üzrə çalışmaqdadırlar.

8. İnformasiyaya olan tələbi nəzərə alaraq sərhədləri aşmaq

Google şirkətinin əsası Kaliforniyada qoyuldu. Lakin şirkətin məqsədlərindən biri və ən əsası bütün dünyada informasiyaya effektiv çıxışı təmin etmək və bütün dillərdə xidmət göstərməkdir. Bunun nəticəsidir ki, bu gün şirkət 150 internet domeyninə sahiblənmiş, Google internet səhifəsi 110 dilə tərcümə edilmişdir. Bu gün Google istifadəçilərinin yarısından çoxu ABŞ hüdudlarından kənardadır.

9. Kostyum geyinmədən də ciddi olmaq olar

Google təklif etdiyi sərbəst, rahat və əyləncəli iş mühiti ilə fərqlənir. İşçiləri üçün hazırladığı rəngarəng ofislər, yemək, oynamaq, əylənmək, üzmək, yatmaq hətta masaj servisləri bu gün Google şirkətini ən arzuolunan şirkətlər siyahısına daxil etmişdir.

10. Böyük nəticələrlə kifayətlənməmək.

Google bir şirkət kimi bu gün əldə etdiyi nəticləri bir başlanğıc nöqtəsi hesab edir və hədəflərinin daha yüksək olduğunu vurğulayır baxmayaraq ki, ictimaiyyət üçün Google şirkətinin cari vəziyyəti böyük bir uğur hesab edilir. Qeyd edilən prinsiplər Google-un şirkət fəlsəfəsinin əsasını təşkil etməklə bu gün şirkət olaraq əldə olunan nəticənin heç də təsədüfü olmadığını göstərməkdədir.

Bundan başqa əlavə etmək istərdim ki, Windows əməliyyat sistemi, Microsoft Office proqramları ilə proqram bazarının liderlərindən olan Microsoft internet məkanına yönəlik bir strategiya üzərində işləməkdədir. Şirkətin sabiq prezidenti Bil Geytsin çıxışlarından birində Microsoft-un bu günə qədər internet məkanına yönəlik layihələr üzərində çalışmamasını təəssüflə qeyd etməsi ilə Google şirkətini bu bazarda tək buraxmayacaqlarının siqnallarını vermişdi ki, bu istiqamətdə ilkin olaraq Microsoft Binq adı altında yeni axtarış sistemini internet məkanına təqdim etdi. Öz növbəsində Google şirkəti də təklif etdiyi Google Chrome internet brauzeri, Go adlı proqramlaşdırma dili8 bu yaxınlarda təqdimatını həyata keçirdiyi Google Chrome OS9 əməliyyat sistemi ilə veblə kifayətlənməyəcəyinin mesajlarnı ictimaiyyətə verməkdədir. Bütün bunlar İnformsiya Texnologiyaları məkanında yeni, həm də olduqca maraqlı bir Google-Microsoft qarşıdurmasından xəbər verməkdədir. 

ƏDƏBIYYAT

  1. History of Google / http://en.wikipedia.org/wiki/Google_History
  2. Best Global Brends / http://www.interbrand.com/best_global_brands.aspx?year=2005&langid=1000
  3. Oxford English Dictionary / http://www.oed.com/help/updates/pimesic-pleating.html#oos
  4. Google Milestones (Corporate information) / http://www.google.com/corporate/history.html
  5. Google Mobil Reklam arzularını gerçəkləşdirir / http://www.ekataloq.com/view_company.php?id=2932
  6. Google Financial Outlook / http://content.zdnet.com/2346-11515_22-55125.html?tag=rbxccnbzd1
  7. Google Philosophy / http://www.google.com/corporate/tenthings.html
  8. Google özünün proqramlaşdırma dilini təqdim edib / http://www.ekataloq.com/view_company.php?id=2902
  9. Introducing Google Chrome OS / http://googleblog.blogspot.com/2009/07/introducing-google-chrome-os.html